MƏRKƏZ HAQQINDA

Azərbaycan Respublikasının Prezidenti tərəfindən 09 mart 2004-cü il tarixində təsdiq edilmiş "Elektron imza və elektron sənəd haqqında Qanun"un 7-ci maddəsinə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 yanvar 2006-cı tarixli 27 nömrəli qərarı ilə təsdiq edilmiş "Elektron imzanın yoxlanılması Qaydası", "Dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanları tərəfindən elektron imzadan istifadə Qaydası", "Elektron imza üçün sertifikat verən və imzaların istifadəsi üzrə xidmətlər göstərən mərkəzin (sertifikat xidmətləri mərkəzinin) qeydiyyatı və akkreditə edilməsi Qaydaları", "Sertifikat xidmətlərinin göstərilməsi, sertifikatın verilməsi və reyestrin aparılması Qaydaları" və "Elektron sənədlərin mübadiləsi Qaydası"na müvafiq olaraq Mərkəzi Bankda korporativ informasiya sistemlərinin təhlükəsizliyinin gücləndirilməsi, informasiya sistemlərinin iştirakçılarının şəxsiyyətinin eyniləşdirilməsi, məlumatların tamlığının təmin edilməsi, o cümlədən elektron sənədin və imzanın həqiqiliyinin qorunması məqsədilə 2009-cu ildə Azərbaycan Respublikasının Mərkəzi Bankında "Elektron imza üzrə sertifikatlaşdırma Sistemi" yaradılmış .

Maliyyə sferasında məlumat mübadiləsinin təhlükəsizliyinin daim təmin edilməsi məqsədilə "Elektron imza üzrə sertifikatlaşdırma Sistemi"nin əsasında “Bank Sertifikat Xidmətləri Mərkəzi” (BSXM) təsis edilmişdir. “Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 28 oktyabr 2014-cu il tarixli, 24 saylı protokolu ilə "Bank Sertifikat Xidmətləri Mərkəzinin Sertifikat Siyasəti" təsdiq edilmiş və Sertifikat Siyasətinə uyğun olaraq istifadəçilərə sertifikatların verilməsinə və onlara xidmətlərin göstərilməsinə başlamışdır.

Bank Sertifikat Xidmətləri Mərkəzi (BSXM) qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən akkreditə olunmuşdur.

"Bank Sertifikat Xidmətləri Mərkəzi"nin təqdim etdiyi elektron imza vasitələri, bu sistemin iştirakçıları olan Azərbaycan Respublikasının Mərkəzi Bankı, dövlət qurumları, publik hüquqi şəxslər, kommersiya bankları, bank olmayan kredit təşkilatları və kredit ittifaqları, Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Maliyyə Monitorinqi Xidməti, Azərbaycan Kredit Bürosu və onların müştəriləri olan fiziki və hüquqi şəxslər tərəfindən istifadə edilməkdədir.